SƏNAYE

18 Avqust

Rövnəq Abdullayevdən dayazsulu ərazidə ilk kəşfiyyat quyusu ilə bağlı AÇIQLAMA

SOCAR və  bp tərəfindən  Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının dayazsulu hissəsinin (SWAP) Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanıldığını elan edilib.

SOCAR və bp-nin birgə məlumatına görə, quyunun qazılmasında istifadə olunan “Satti” özüqalxan üzən qazma qurğusu avqustun 9-da müvəffəqiyyətlə dənizə yola salınıb. Quyunun dərinliyinin 2 min 424 metr olması planlaşdırılır. Qazma işlərinin iki ay yarım davam edəcəyi gözlənilir. Quyu haqqında məlumatlar təhlil ediləcək, nəticələr uğurlu olarsa, onları təsdiqləmək üçün qiymətləndirilmə aparıla bilər. 

Layihənin operatoru bp şirkətidir. Hasilatın pay bölgüsü sazişində bp və SOCAR hər biri 50% paya malikdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “SOCAR-ın CDC şirkətinin bazasında “KazMunayQaz” şirkətinə məxsus “Satti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi həyata keçirildikdən sonra Dayazsulu Abşeron yatağında ilk qazma işlərinə start verilməsi sevindirici haldır. Bu, son dövrdə Xəzər regionu dövlətlərinə məxsus şirkətlərin əməkdaşlığının yüksələn xəttlə inkişafını təzahür etdirir. Əminəm ki, SOCAR, BP-Azərbaycan və Qazaxıstanın “KazMunayQaz” şirkəti gələcəkdə də Xəzər dənizindəki layihələrdə əməkdaşlıqlarını müvəffəqiyyətlə davam etdirəcəkdir.”

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons deyib: “Biz Abşeron yarımadasının dayazsulu sahəsində qazma əməliyyatlarına başlamağımıza sevinirik. Dünyanın digər dayazsulu ərazilərində əməliyyatlar zamanı topladığımız təcrübədən və qabaqcıl texnologiyalardan istifadə etməklə təhlükəsiz və davamlı qazma proqramını təmin etmək üçün böyük hazırlıq görülüb. SWAP ərazisində ilk kəşfiyyat quyusunun təhlükəsiz və effektiv şəkildə təhvil verilməsi üçün SOCAR ilə sıx əməkdaşlıq etməyi düşünürük.”

“Satti” özüqalxan qazma qurğusu Caspian Drilling Company (CDC) şirkəti tərəfindən idarə olunur. Qurğunun SWAP layihəsinə cəlb olunması haqqında sənəd 2021-ci ilin iyununda imzalanıb.