SƏNAYE

13 Avqust

Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı artıb

Sənaye Parkında ümumi investisiyalarının həcmi 3,2 milyard ABŞ dolları olan 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

Fins.az xəbər verir ki,indiyədək Sənaye Parkının rezidentləri tərəfindən 2,9 milyard dollardan artıq investisiya yatırılıb. Qeydiyyata alınmış 24 rezidentdən 16-sı artıq fəaliyyətə başlayıb. Sənaye Parkında hazırda 5500-dək insan daimi işlə təmin olunub. Ümumilikdə, indiyədək Sənaye Parkının rezidentləri tərəfindən 3,3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da  təqribən 31%-i ixracın payına düşür.

Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2020-ci ilin birinci yarısında rezidentlər tərəfindən 534 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ilin müvafiq dövründə bundan 49% çox - 794 milyon manatlıq məhsul istehsal olunub. Bununla yanaşı, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövründən 47% çox - 267,5 milyon manatlıq ixrac həyata keçirilib.

Bu ilin birinci yarısında Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 11,5%, qeyri-neft sənayesi məhsullarının ixracında xüsusi çəkisi isə 21,8 % təşkil edib.

Sənaye Parkında istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Çexiya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq, Yaponiya, ABŞ, Kanada və s. ölkələrə ixrac olunub.