Bu ilin ilk yarısında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) mənfəət vergisindən Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 583,1 milyon manat daxil olub.
Bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.
Hesabatda qeyd olunub ki, bu, dövlət büdcəsinin ilin ilk yarısındakı gəlirlərinin 5%-ni, təkcə neft gəlirlərinin isə 9,9%-ni təşkil edib. Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə SOCAR-dan isə 583,6 milyon manat daxil olub.
Beləliklə, Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə neft sektorundan 1 milyard 167 milyon manat daxil olub ki, bu da illik müqayisədə 5,5% çoxdur. Ümumilikdə isə (neft və qeyri-neft sektoru) Vergi Xidmətinin büdcə daxilolmalaranın həcmi 4 milyard 342 milyon manat təşkil edib (illik 8,4% artım).
Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Azərbaycan dövlət büdcəsinin gəlirləri 12 milyard 177 milyon manat proqnoza qarşı 11 milyard 755 milyon manat və ya 96,5% icra olunub. İlin I yarısında dövlət büdcəsinin 50,1%-ni və ya 5 milyard 896 milyon manatını qeyri-neft sektoru üzrə gəlirlər, 49,9%-ni və ya 5 milyard 863 milyon manatını isə neft sektoru üzrə gəlirlər təşkil edib.
(c)APA