SƏNAYE

10 Avqust

İraq nümayəndələrinə Azərbaycanda investisiya mühiti barədə məlumat verilib

Azərbaycanda rəsmi səfərdə olan İraq Respublikasının rabitə naziri Arkan Şihab Ahmed Al-Şeybaninin rəhbərliyi ilə nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub.

STP-dən Fins.az-a bildirilib ki, İraqın tikinti və şəhərsalma nazirinin müavini Yılmaz Şahbaz Abbasın başçılıq etdiyi nümayəndə heyətini iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və STP-nin baş direktoru Ruslan Ağabəylinin rəhbərliyi ilə Azərbaycan heyəti qarşılayıb. Qonaqlar əvvəlcə STP-nin biznes vahidi olan “STP Global Cable” şirkətinin Kabel zavodunu ziyarət ediblər. STP-nin Baş direktoru Ruslan Ağabəyli “STP Global Cable” nümayəndələri ilə birgə qonaqlara zavodun istehsal etdiyi kabel məhsulları və elektrik avadanlıqları barədə məlumat verib. Zavodda gəzinti zamanı İraq rəsmiləri istehsalat prosesi və müasir test laboratoriyaları ilə tanış olublar. Hazırda zavodun istehsal etdiyi məhsullar bir necə ölkəyə ixrac olunur. Bunların sırasında Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Türkiyəni qeyd etmək olar.

Daha sonra İraq Respublikasının nümayəndə heyəti İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Sumqayıt Kimya Sənayə Parkı və Sumqayıt Texnologiyalar Parkının nümayəndələri ilə görüşüb. Görüş zamanı qonaqlara Azərbaycanda investisiya mühiti, qeyri-neft sektorunun inkişafı üçün görülən işlər, STP-nin genişçeşidli istehsalatı və ixrac uğurları barədə ətraflı məlumat verilib.