SƏNAYE

14 İyul

Azərbaycan Rusiya və İrandan “Premium” benzin idxalını artırıb

Azərbaycan 2021-ci ilin yanvar-may aylarında 58 min 823 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 77% çoxdur. Bu barədə  hökumətdən məlumat verilib.

“Premium Euro-95” markalı benzinin idxal həcmi dəyər ifadəsində 40 milyon 99 min dollar (artım 2 dəfə) təşkil edib.

Eyni zamanda, hesabat dövründə 29 milyon 172 min dollar məbləğində 42 min 909 ton “Premium Euro-95” markalı benzin (bütün idxalın 72,9%-i) Rusiyadan idxal edilib (artım 33%).

Bundan başqa, hesabat dövründə Gürcüstandan 399,15 min dollar dəyərində 559,32 ton (2020-ci ilin yanvar-may aylarında idxal həyata keçirilməyib), İrandan  2 milyon 51 min dollar dəyərində 3 min 221,1 ton (miqdar ifadəsində artım 3,3 dəfə, dəyər ifadəsində artım 2,8 dəfə) “Premium Euro-95” markalı benzin, Rumıniyadan 8 milyon 476 min dollar dəyərində 12 min 134  ton benzin idxal edilib.

Bu ilin yanvar-may aylarında 968,51 min dollar dəyərində (azalma 1,9%) 1 min 217,09 ton (azalma 1,9%) “Super Euro-98” avtomobil benzini idxal edilib. İdxalın strukturunda 196,46 min dollar dəyərində 237,45 ton Belarus, 772,05 min dollar dəyərində 979,64 ton Rumıniyadan həyata keçirilib.

2020-ci ildə Azərbaycan 58 milyon 615 min dollar dəyərində 96 min 999 ton “Premium Euro-95” markalı benzin idxal edib. 34 milyon 470 min dollar dəyərində 56 min 743,48 ton benzin (bütün idxalın 58,5%-i) Rusiyadan idxal edilib.

Ötən il Azərbaycana 2 milyon 97 min dollar dəyərində 2 min 654 ton “Super Euro-98” markalı benzin idxal edilib.

“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.

Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin bir litrinin pərakəndə qiyməti 1,25 manat, “Super Euro-98” markalı benzinin bir litrinin pərakəndə qiyməti isə 1,4 manat təşkil edir.