SƏNAYE

17 İyun

Azərbaycanda əldə ediləcək enerjiyə qənaət miqdarı müəyyən ediləcək

Azərbaycanda gözlənilən və ya əldə ediləcək enerjiyə qənaət miqdarı müəyyən ediləcək.

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinə əsasən, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət proqramları müəyyənləşir.

Layihədə qeyd olunur ki, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, mövcud enerji effektivliyinin təhlili və qiymətləndirilməsi, enerji effektivliyinin yüksəldilməsi tədbirlərinin tətbiqi, gözlənilən və ya əldə ediləcək enerjiyə qənaət miqdarının müəyyən edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyi üzrə dövlət proqramları qəbul edəcək.

Bu qanunda nəzərdə tutulmuş dövlət proqramlarının layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanacaq və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçiriləcək.

Bu qanun Milli Məclisdə qəbul edildiyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək. Qanun qüvvəyə mindiyi gündən “Enerji resurslarından istifadə haqqında” 1996-cı il 30 may tarixli 94-IQ nömrəli qanun ləğv ediləcək.

(c)APA