SƏNAYE

10 İyun

Çovdar qızıl yatağının sulfid mərhələsi üzrə istismarı ilə bağlı ictimai müzakirə

“Çovdar” qızıl yatağının sulfid filizlərinin istismara verilməsi məqsədilə beynəlxalq nüfuzlu məsləhət şirkəti “MICON International” tərəfindən icra edilən texniki-iqtisadi əsaslandırma işləri çərçivəsində Ətraf və Sosial Mühitə Təsirin Qiymətləndirilməsi (ƏSMTQ) sənədinin hazırlanması prosesi başa çatdırılıb.

Ətraf mühitin dəyişilikləri və problemlərin həllində ixtisaslaşmış tədqiqat, məsləhət və mühəndislik şirkəti olan podratçı “İQLİM LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən beynəlxalq ekspertlərin nəzarəti ilə aparılan tədqiqatın ictimai müzakirəsi baş tutub. İctimai dinləmədə fiziki şəxslər, vətəndaş cəmiyyəti institutları və elmi təşkilatların təmsilçiləri iştirak ediblər.

 İctimai iştirakçılıq haqqında qanunvericiliyə uyğun olaraq təşkil edilən görüşdə istismarı aparılacaq filiz sahəsi və ətraf ərazilərdə təfsilatlı ekoloji monitorinq və tədqiqat işlərinin icra edildiyi, aparılacaq işlərin təbii və sosial-iqtisadi mühitə gözlənilən təsirlərinin qiymətləndirildiyi qeyd olunub.

 İstehsalat prosesi nəticəsində yaranan bütün növ tullantıların qanunamüvafiq şəkildə idarə olunması, boş süxurların saxlanc yerinin ətraf mühitdən təcrid edilməsi, eləcə də turşulu suların əmələgəlmə prosesinin qarşısının alınması, su ehtiyatlarından səmərəli istifadə edilməsi üçün texniki suların təkrar istifadəyə yönəldilməsi və s. bu kimi konkret tədbirlər hazırlanmış sənəddə öz əksini tapıb.

Görüş iştirakçıları tərəfindən ƏSMTQ sənədinin dağ-mədən sənayesi üçün mövcud tələblərə uyğun işlənildiyi xüsusi olaraq bildirilib. Bununla yanaşı, ekspertlər tərəfindən ekoloji monitorinq və ətraf mühitin idarə edilməsi tədbirlərinə dair bir sıra təkliflər səsləndirilib. Müzakirələrin gedişində səsləndirilən təkliflər baxılması və sözügedən sənədlərə daxil edilməsi üçün protokollaşdırılıb.

Xatırladaq ki, Cəmiyyət fəaliyyətə başladığı zaman “Çovdar” yatağı üzrə iqtisadi cəhətdən səmərli hesab edilən qızılın ümumi həcmi 179 min unsiya təşkil edirdi. Son illərdə aparılmış kəşfiyyat və optimizasiya işləri nəticəsində isə növbəti illərdə hasil olunacaq filiz süxurlarından əldə ediləcək texniki və iqtisadi cəhətdən səmərəli qızılın miqdarı 527 min unsiyayadək artırılıb və bugünə qədər sözügedən mədəndən hasil edilmiş 254 min unsiya qızılın dünya birjalarında satışı həyata keçirilib.

Yatağın ikinci fazası üzrə sulfid filizlərinin istismarına isə 2022-ci ildən start verilməsi, filizlərin çən aşındırma üsulu ilə emal edilməsi planlaşdırılır. Qeyd edilən fəaliyyət çərçivəsində ölkə iqtisadiyyatına yüz milyonlarla manat vəsaitin cəlb edilməsi nəzərdə tutulur. Layihənin icrası qeyri-neft sənayesinin inkişafına, yeni iş yerlərinin açılmasına, o cümlədən yatağın yerləşdiyi bölgənin sosial-iqtisadi tərəqqisinə, yerli şirkətlərin fəaliyyəti üçün yeni imkanların yaranmasına öz əhəmiyyətli töhfəsini verəcək.