SƏNAYE

02 İyun

Azərbaycan xam neft hasilatını artıracaq- OPEC-in qərarı

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 17-ci iclasında iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib.

Bu barədə Fins.az-a Energetika Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, energetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən iclasda Azərbaycan da “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 mln. barrel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.

Qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması barədə öhdəliyi iyulda gündəlik 98 min barel olaraq qalacaq. Bu isə o deməkdir ki, xam neft hasilatı 10 min barel artırılacaq. Beləliklə, iyul ayında ölkədə xam neft hasilatı gündəlik 620 min barel həcmində saxlanılacaq