Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının tikintisi ildə ümumən 716 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Hazırda Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsi ilə bağlı əməkdaşlığımız “Xudafərin”, “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları, eləcə də digər layihələrlə genişlənərək yeni inkişaf mərhələsinə daxil olub. Yaxın gələcəkdə ümumi qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyaları tikiləcək. Nəticədə biz ildə ümumən 716 milyon kilovat-saat elektrik enerjisi istehsal edə biləcəyik”, - deyə nazir Araz çayı boyunca inşa edilmiş Araz və Mil-Muğan su anbarlarından birgə istifadə edilməsinin 50 illiyi münasibətilə keçirilən yubiley mərasimində bildirib.
O əlavə edib ki, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi və tarixi sərhədlərinin bərpası ilə regionda yaranmış yeni geosiyasi reallıqlar və təhlükəsiz inkişaf mühiti bu layihələrin icrası istiqamətində maneələri artıq aradan qaldırıb.
Mərasimdə Araz və Mil-Muğan su anbarlarının istismarı üzrə birgə komissiyanın və 50-ci görüşün protokolu imzalanıb.
Daha əvvəl P.Şahbazov bildirmişdi ki, “Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. “Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır.
Energetika Nazirliyinin qiymətləndirmələrinə görə, bu layihələrin reallaşması Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq.
Prezident İlham Əliyev 2016-cı ilin iyul ayında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiq edib.
Sənəd ratifikasiya edilərək 1989-cu ildə həyata keçirilməsinə başlanılmış, lakin Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində reallaşdırılması dayandırılmış sazişin davamıdır.