SƏNAYE

26 May

Suqovuşana elektrik enerjisi verildi - Fotolar

İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 35 kV-luq elektrik veriliş xəttinin çəkiliş işləri başa çatıb və qəsəbəyə elektik enerjisi verilib.

Fins.az istinadən xəbər verir ki, bu gün sözügedən qəsəbəyə "Azərişıq" ASC tərəfindən mediatur təşkil edilib.

Görülmüş işlər barədə jurnalistlərə açıqlama verən "Azərişıq"ASC-nin Tədris Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, yarımstansiya Suqovuşan qəsəbəsini elektrik enerjisiylə tam təmin edir: "Tərtər rayonu, Suqovuşan və Talış kəndlərinin elektrik təchizatı üçün “Azərişıq” ASC tərəfindən 35 kV-luq 2,5 MVA gücündə “Suqovuşan” yarımstansiyası inşa edilib. Yarımstansiyanın qidalandırılması üçün 110/35/6 kV-luq “Tərtər” yarımstansiyasından 29 km məsafədə özünüdaşıyan izolyasiyalı kabeldən ibarət xətt çəkilib. Yarımstansiyanın 10 kV-luq tərəfində 12 ədəd 10 kV-luq yuva quraşdırılmış, yarımstansiya mövcud 10 kV-luq elektrik şəbəkəsi ilə əlaqələndirilib.

Bu yarımstansiya  gələcəkdə qurulacaq obyektləri də elektrik enerjisiylə təmin edəcək. Yarımstansiyanın elektrik təchizatı Tərtər yarımstansiyasından təmin edilir. Tərtər yarımstansiyasından bu məqsədlə elektrik verilişi xətləri çəkilib. Elektrik verilişi xətlərinin çəkilməsində müasir tipli 35 kilovotluq izolyasiyalı və mühafizəli kabel xətlərindən istifadə olunub. Bu kabel xətləri ənənəvi kabellərlə çəkilmiş elektrik verilişi xətlərinə nisbətən ətraf mühitin sərt iqlim təsirlərinə məruz qalmır. Həmçinin, bu kabel xətlərinin çəkilməsi üçün tələb olunan torpaq sahəsi ənənəvi elektrik xətləri üçün tələb olunan torpaq sahəsindən 6 dəfə azdır. İzolyasiyalı kabel xətləri həm də texniki itkilərin, eyni zamanda təhlükəsizliyin tam təmin olunması üçün tamamilə yararlıdır".

A. Məmmədzadə qeyd edib ki, bununla da qəsəbəni nəzərdə tutulan əhali sayına görə elektrik enerjisiylə təmin etmək mümkün olacaq. Onun sözlərinə görə, ənənəvi çılpaq naqillərlə çəkilmiş elektrik verilişi xətlərinin mühafizə zolağı 30 metrdən artıqdır: "Müasir tipli 35 kilovotluq kabel xətləriylə çəkilmiş elektrik xətlərinin mühafizə zolağı isə 2-3 metrdir. Yarımstansiya həm də Talış kəndini elektrik enerjisiylə təmin edir". 

Qeyd edək ki, Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq xətt izoliyasiyalı kabellə çəkilib. Suqovuşan ərazisinin elektrik təchizatını təmin etmək üçün müasir izolyasiyalı və mühafizəli 35 kV kabel xəttindən istifadə, ənənəvi elektrik veriliş xətlərinə nisbətən xəttin texniki itkilərini 2,3 dəfə, illik qəza və planlı açılmalar sayını 25-30 dəfə, sərt iqlim şəraitində, qarlı və buzlu havalarda qəza təhlükəsini dəfələrlə, istifadə olunan dayaqlara çəkilən xərcləri 3-5 dəfə, istismar və saxlanma xərclərini 4 dəfə azaltmaqla yanaşı, əhalinin həyat və sağlamlığına təhlükə ehtimalı aradan qaldırılır. Həmçinin hər 1 km elektrik xəttinin mühafizə zonasına görə 5 dəfədən artıq faydalı torpaq sahəsinin istifadəsinə imkan verir. Ümumilikdə, Suqovuşan elektrik veriliş xəttinin 35 kV müasir tip kabel ilə çəkilməsi nəticəsində şəbəkənin etibarlığının artırılması təmin edilib.

Gələcəkdə yarımstansiyada 2-ci 35 kV-luq transformatorun quraşdırılması nəzərdə tutulub. Hazırda yarımstansiyadan hərbi hissə də elektrik enerjisi ilə təmin olunur. Suqovuşan kəndinin daxili şəbəkəsində isə 0.4 kv hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilib. 









 
(c)Qafqazinfo