SƏNAYE

24 May

“Təmiz Şəhər” ASC ilin ən yaxşı müəssisəsi elan edilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkil etdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” müsabiqəsinin nəticələri açıqlanıb.

Fins.az xəbər verir ki,İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin üzvü “Təmiz Şəhər” ASC müsabiqənin qalibi elan edilib.

Hər il təşkil edilən müsabiqədə ölkənin ən qabaqcıl və əmək şəraitinin daim yaxşılaşdırılmasını fəaliyyətinin prioritet istiqaməti kimi müəyyən edən müəssisələr qalib adına layiq görülür.

Qeyd edək ki, Bakı şəhərində tullantıların qəbulu, yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə məşğul olan “Təmiz Şəhər” ASC tullantıların idarə olunması prosesini müasir üsullarla təşkil edir. Səhmdar Cəmiyyətin nəzdində Almaniya texnologiyaları ilə inşa edilən Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu, ən sərt ekoloji normalara cavab verən Avropanın müasir zavodlarından biri hesab edilən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, İqtisadiyyat Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində yenidən qurulan Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi sanitar poliqonu fəaliyyət göstərir.

600 nəfərə yaxın əməkdaşı olan “Təmiz Şəhər” ASC 2012-ci ildən etibarən Peşə Sağlamlığı və  Əməyin Təhlükəsizliyi İdarəetmə Sisteminin beynəlxalq ISO 45001:2018 və İSO 14001:2015, eləcə də Keyfiyyət İdarəetmə Sisteminin ISO 9001:2015 standartlarının sertifikatını əldə edib və daim fəaliyyətini təkmilləşdirir.

 
 
 
  •