SƏNAYE

17 May

"OPEC+" öhdəliklərini 122% yerinə yetirib

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri bu ilin aprel ayında gündəlik neft istehsalını fevral göstəricisi ilə müqayisədə 0,03 mln. barel artıraraq 25,08 mln. barelə çatdırıb.

Bu barədə OPEC-in aylıq hesabatında bildilir 

Məlumata görə, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 122% (martda 124%) yerinə yetirib.

Hesabata qeyd edilir ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib. Beləliklə, aprel ayında azılaşmada iştirak edən 10 ölkənin gündəlik neft hasilatı 21,115 mln. barel təşkil edib (plan göstərici isə 22,1 mln. barel təşkil edir). OPEC "onluğu" apreldə bazardan gündəlik 4,56 mln. barelin əvəzinə 5,57 mln. barel artıq neft uzaqlaşdıra bilib.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı qəbul edilmiş qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barel həcmində qalacağı, gündəlik xam neft hasilatının isə 595 min barel səviyyəsində saxlanılacağı nəzərdə tutulub.

"OPEC+" ölkələri nazirlərinin 15-ci iclasında isə gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 mln. barelədək artırılması ilə bağlı qərar qəbul edilib.

Yeni razılaşmaya əsasən, Azərbaycanın gündəlik xam neft hasilat kvotası 2021-ci ilin ilk 4 ayı üzrə götürdüyü könüllü hasilat öhdəliyindən (595 min barel) mayda 8 min barel və əlavə olaraq iyunda 7 min barel, iyulda isə 10 min barel artıq təşkil edəcəkdir. Ölkədə gündəlik xam neft hasilatı müvafiq olaraq mayda 603 min barel, iyunda 610 min barel və iyulda 620 min barel həcmində saxlanılacaq.

(c)APA