SƏNAYE

16 May

OPEC Azərbaycanda maye karbohidrogenlər üzrə hasilat proqnozunu açıqlayıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün Azərbaycanda neft və digər maye karbohidrogenlərin gündəlik orta hasilatı üzrə proqnozunu 0,06 milyon barel artıraraq 0,76 milyon barel səviyyəsinə çatdırıb. Bu, ötən il qeydə alınmış hasilat göstəricisindən 0,03 milyon barel çoxdur.

Məlumata görə, bu barədə qurumun may ayı üzrə hesabatında bildirilir.

Xatırladaq ki, bu ilin mart ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı 0,01 milyon barel azalaraq gündəlik 0,77 milyon barelə çatdırılıb. Aprel ayında hasilatın həcmi eyni səviyyədə saxlanılması gözlənilir.

Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən qaz-kondensat yataqlarında bu ilin yanvar-aprel ayları ərzində təbii qaz və kondensatın gündəlik orta hasilatı 0,18 milyon barelə çatıb. Həmçinin, “Şahdəniz” qaz-kondensat yatağının işlənməsindən hasil edilən kondensat bu ilin yanvar ayında rekord həddə çatıb və hasilatın gündəlik həcmi 193 min ton olub.