BP şirkəti aprelin sonunadək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda yerləşən “Qərbi Azəri” platformasında hasilatı profilaktika işləri ilə əlaqədar dayandıracaq.
“Məndə olan məlumata görə, “Qərbi Azəri” platformasının dayandırılması (profilaktika işlərinin aparılması üçün – İF) bu aya planlaşdırılıb”, - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
O, həmçinin əlavə edib ki, BP cari ilin iyun-iyul aylarında “Çıraq” platformasını profilaktika işlərinin aparılması üçün dayandırmağı planlaşdırır.
Daha əvvəl “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "İnterfaks-Azərbaycan" agentliyinə bildirmişdi ki, BP şirkəti 2021-ci ilin sonunadək “Azəri-Çıraq-Günəşli” bloku və “Şahdəniz” yatağındakı hasilat infrastrukturunda profilaktika işləri aparmağı planlaşdırır. Onun sözlərinə görə, şirkət profilaktika işlərinin aparılacağı platformaları və işlərin başlama vaxtını daha sonra elan edəcək.
Hazırda AÇG blokunda hasilat 6 platformadan, "Şahdəniz" yatağında isə 2 platformadan həyata keçirilir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 milyard məbləğində qiymətləndirilir.*