Aprelin 4-də saat 17 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı şirkəti olan “Rəmzi S” MMC-də (Sobsan boyalarının istehsalçısı) fəhlə işləyən Usubov Adəm Famil oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron Rayon Prokurorluğundan bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İlkin istintaqla müəyyənləşdirilib ki, Adəm Usubov qeyd edilən fabrikdə müəyyən işlər görərkən ətrafa yığılmış torpaq yığınının üzərinə tökülməsi nəticəsində hadisə yerində ölüb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.