SƏNAYE

31 Mart

SOCAR-ın idarəsi növbəti dəfə beynəlxalq təlim akkreditasiyalarından keçib

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) Xəzər regionunda təlim xidmətlərinin təminatçısı olaraq dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarında insan həyatının mühafizəsi və xilasetmə-təxliyə sahəsində də nüfuzlu beynəlxalq qurumlarda akkreditasiya olunub.

Fins.az xəbər verir ki,dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi (DİHMTM) həm qəza nəfəsalma sistemi (EBS), həm də sıxılmış havada qəza nəfəsalma sistemi (CA-EBS) ilə stolüstü və sahə auditi prosedurlarını müvəffəqiyyətlə başa vurub. Audit prosedurları Böyük Britaniyanın Dənizdə neft-qaz hasilatı üzrə mütəxəssis hazırlığı təşkilatı (OPİTO) tərəfindən müəyyən edilmiş standartlara uyğun keçirilmişdir.
SOCAR-ın idarəsi eyni zamanda dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSIET), batmaqda olan helikopteri tərketmə üzrə təlim (HUET) və dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim (FOET) kurslarının tədrisi ilə əlaqədar yenidən akkreditasiya edilib. Bu akkreditasiya şirkətin dəniz platforma və qurğularında çalışan mühəndis-texniki heyətin, habelə kənar təşkilatların mütəxəssislərinin sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, eləcə də fövqəladə hallarda, qəzaya yaxın vəziyyətlərdə və risklərə nəzarət sahələrində təlim ehtiyaclarının təmin olunmasına xidmət edir.