SƏNAYE

30 Mart

SOCAR-ın Türkiyədəki NEZ-i bu il emalı 5% artıracaq

SOCAR-ın Türkiyənin Əliağa yarımadasında yerləşən "Star Rafineri" neft emalı zavodunda (NEZ) bu il 11 mln. ton neft emal etməyə planlaşdırılır ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 5% çoxdur.

Fins.az-ın  "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə  "SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov deyib.

Onun sözlərinə görə, "SOCAR Türkiyə"nin törəmə müəssisəsi olan "Star Rafineri" ötən il zavodda 10,5 mln. ton neft emal edilib.

Qeyd edək ki, "Star" NEZ Türkiyənin neft əsaslı məhsullarında olan ehtiyacının 20-25%-i təmin edir. 2020-ci ildə təxminən 10,3 mln. tonluq satış həyata keçirən zavod bu həcmin təxminən 70%-ni daxili bazara yönəldərək, Türkiyə iqtisadiyyatına proqnozlaşdırılan töhfəni verib.

Xatırladaq ki, SOCAR-ın "Star" zavodunun illik emal gücü 10 mln. tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 mln. ton), təyyarə yanacağı (1,6 mln. ton), nafta (1,6 mln. ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında "Star" NEZ-lə yanaşı, SOCAR-ın "Petkim" neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

(c)APA