SƏNAYE

29 Mart

SOCAR "Petkim"də neft emalı zamanı ayrılan qazı istifadə edə bilər

SOCAR Türkiyədəki "Star Rafineri" neft emalı zavodunda (NEZ) proses zamanı yaranan ayrılan qazı "Petkim" (əsas payı SOCAR-a məxsusdur – red.) neft-kimya kompleksində xammal kimi istifadə etməyə planlaşdırır.

Fins.az  "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə "SOCAR-Türkiyə Emal və Neft-Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda bu layihənin ("off gas") texniki-iqtisadi əsaslandırılması hazırlanır.

"Düşünürəm ki, bu, 100 milyonlarla ifadə edilən investisiya qoyuluşunu tələb edəcək. "Star Rafineri"də ildə təxminən 190 min ton qaz əldə olunur. Layihə əsasında bu qazı yandırmaq əvəzinə, onu qiymətli məhsul sayılan etilen-propilenə çevirməyi planlaşdırırıq. Başqa sözlə, xammalı olan nafta əvəzinə müəyyən həcmlərdə ayrılan qazdan ("off gas" – red.) istifadə etmək istəyirik", - A.Məmmədov qeyd edib.

Qeyd edək ki, bir neçə il ərzində "Petkim"lə "Star Rafineri" tam birləşə bilər. İki müəssisə arasında istehsalat tərəfindən inteqrasiya artıq əldə edilib, buna baxmayaraq, hüquqi olaraq onlar iki ayrı şirkətdir. Bu birləşmənin müxtəlif üstünlükləri ola bilər (vergi və sair). "Petkim" və "Star"ın bir şirkətə birləşdirilməsi asan proses deyil və 2-3 il vaxt tələb edə bilər.

SOCAR tərəfindən 2008-ci ildə səhmlərinin 51%-i alınan "Petkim" neft-kimya kompleksi Türkiyədə ilk və yeganə inteqrasiya olunmuş neft-kimya zavodudur. Türkiyə neft-kimya bazarının ən etibarlı tədarükçüsü olan "Petkim"in 15 əsas və 6 köməkçi müəssisəsində 60-a yaxın neft-kimya məhsulu istehsal edilir.

Xatırladaq ki, SOCAR-ın "Star" zavodunun illik emal gücü 10 mln. tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 mln. ton), təyyarə yanacağı (1,6 mln. ton), nafta (1,6 mln. ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında "Star" NEZ-lə yanaşı, SOCAR-ın "Petkim" neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

(c)APA