Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda 7189 metr dərinlikdə kompleks tədqiqat işləri aparılmış və ilk qaz-kondensat ehtiyatları aşkar edilib.
Fins.az Azərbaycan Dövlət Neft Şirkətinin(SOCAR) bununla bağlı yayımladığı məlumata istinadən xəbər verir ki, yataqda Fasilə layının qazılması uğurla tamamlanıb.
Eyni zamanda, yatağın ehtiyatlarını tam şəkildə müəyyən etmək məqsədi ilə strukturun tağı istiqamətində əlavə bir qiymətləndirici yan lülənin qazılması üçün müvafiq texniki layihələndirmə aparılacaq.“Şəfəq-Asiman” blokunda kəşfiyyat işləri SOCAR və bp şirkətlərinin birgə layihəsi çərçivəsində həyata keçirilir. Yataq üzrə Hasilatın Pay Bölgüsü Sazişinin kəşfiyyat proqramına uyğun olaraq, qazma əməliyyatı dənizin 623 metr dərinliyində bp şirkətinin operatorluğu ilə aparılmış və SOCAR-ın törəmə şirkəti olan Caspian Drilling Company tərəfindən Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsi ilə yerinə yetirilib. Quyuda qazma işlərinə 11 yanvar 2020-cı il tarixində başlanılıb.
Müəllif:Aynur Qəniyeva