SƏNAYE

19 Mart

Nazir:Müqavilələrin mətnləri Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə artıq razılaşdırılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 05 dekabr 2019-cu il tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın altıncı iclası videokonfrans formatında keçirilib.

Fins.az xəbər verir ki,iclası açan komissiya sədri energetika naziri Pərviz Şahbazov bildirib ki, yaşıl enerjidən istifadənin genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam ilə beş prioritet istiqamətdən biri kimi müəyyənləşdirilib. Qeyd edilib ki, 230 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilələrin mətnləri Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə artıq razılaşdırılıb. Günəş enerjisi sahəsində özəl investisiya hesabına ilk pilot layihənin həyata keçirilməsinin ölkəmizdə bərpa olunan enerjidən istifadənin inkişafı ilə bağlı irəli sürülmüş vəzifələrin icrasına nail olmağa əhəmiyyətli töhvələr verəcəyi vurğulanıb.
Daha sonra layihənin icrası ilə bağlı sənədlər müzakirə edilib və verilən təkliflər nəzərə alınmaqla təsdiq olunub.
Videokonfransda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Mərkəzi Bankın, “Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələri iştirak edib.