SƏNAYE

05 Mart

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

Fins.az xəbər verir ki, iclasda İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev İşçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər, onların icra vəziyyəti barədə danışıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Vüsal Rüstəmov Elektron Müraciətlərin İdarə Olunması Sisteminin (EMİOS) funksionallığının nəzərdən keçirilməsi məqsədilə aparılmış diaqnostik nəticələrə uyğun olaraq, sistemdə təkmilləşdirmələrin həyata keçirilməsi ilə bağlı müvafiq təklifləri özündə əks etdirən təqdimatla çıxış edib.

İclasda “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərlə bağlı həyata keçirilmiş işlər barədə danışıb. Sonra diaqnostika nəticəsində müəyyən olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı EMİOS-da aparılmış təkmilləşdirmə işlərinə dair təqdimat göstərilib. Həmçinin elektrik təchizatı şəbəkəsinə (ETŞ) qoşulma sahəsində görülmüş işlər barədə məlumatların verilməsi, eləcə də bu sahədə mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi məqsədilə sahibkarlıq subyektləri, ictimai birliklər/biznes assosiasiyaları və hüquq/konsaltinq şirkətlərinin nümayəndələri ilə keçirilmiş görüşlər barədə məlumat verilib.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi Emin Abdullayev Planda nəzərdə tutulan tapşırığa uyğun olaraq biznes subyektləri arasında sorğunun keçirilməsi ilə əlaqədar müvafiq işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin nümayəndəsi Vüsal Şıxəliyev isə Fəaliyyət Planının müvafiq bəndləri üzrə görülən işlərə və qarşıda duran vəzifələrə dair fikirlərini bölüşüb.

İclasda EMİOS-un sahibkarlara yaratdığı üstünlüklər barədə təbliğatın genişləndirilməsi, eyni zamanda ETŞ-yə qoşulma ilə bağlı qanunvericiliyə edilə biləcək mümkün dəyişikliklər barədə təkliflərin hazırlanması və bununla əlaqədar işçi qrupunun növbəti iclasında təqdimatın edilməsinə dair qərar qəbul edilib.