SƏNAYE

03 Mart

SOCAR-ın əsas payçı olduğu şirkətin xalis mənfəəti proqnozu üstələyib

SOCAR-ın böyük payçı olduğu Petkimin 2020-ci ildə xalis mənfəəti proqnozlardan çox reallaşaraq 1,07 milyard TL (250 milyon manat) təşkil edib.

Fins.az xəbər verir ki, şirkətin 2020-ci ili 739,1 milyon TL xalis mənfəət ilə başa vuracağı gözlənilirdi.

Petkimin 2020 ildə satışları da analitiklərinin proqnozunun üzərində reallaşıb və 11,38 milyard TL-lik proqnoza qarşılıq 12,13 milyard TL (2 milyard 652 milyon manat) olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Turcas şirkətilə birgə yaratdığı "SOCAR Turcas Petrokimya A.Ş" 2008-ci ildə Petkim-in 51% hissəsini Türkiyə Özəlləşdirmə İdarəsindən 2 milyard 40 milyon dollara satın almışdır. Sonradan Turcas şirkəti birgə müəssisədəki payını satmışdır.

Hazırda Petkim şirkətinin səhmlərinin 51%-i, "SOCAR Turkey Enerji A.Ş"-nin (SOCAR Türkiyə) 99,99995%-nə sahib olduğu "SOCAR Turkey Petrokimya A.Ş." şirkətinə məxsusdur, 49%-i İstanbul Birjasında ticarət olunur. "SOCAR Turkey Enerji A.Ş"-nin 87%-i Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) 13%-i "Goldman Sachs International" şirkətinə məxsusdur.