SƏNAYE

02 Mart

SOCAR Bakı-Novorossiysk kəməri ilə nə qədər neft ixrac edib?

SOCAR 2021-ci ilin fevral ayında Bakı-Novorossiysk neft kəməri ilə 85 min ton neft ixrac edib. Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

"Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin ixracı fevralın ikinci yarısında bərpa olunub. Fevral ayında planlaşdırılan həcmdə, yəni 85 min ton neft nəql olunub. Bu partiya dünən tankerə yüklənib", - deyə İ.Əhmədov bildirib.

Onun sözlərinə görə, mart ayı üçün şimal marşrutu ilə neft ixracı da 85 min ton həcmində nəzərdə tutulub.

2021-ci ilin yanvar ayında Azərbaycandan Novorossiysk istiqamətində xam neftin nəqli həyata keçirilməyib, SOCAR tərəfindən bütün həcmlər Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunub.