SƏNAYE

24 Dekabr

Azərbaycan qazı Bolqarıstan üçün yeni il hədiyyəsi olacaq

Bakı 24 dekabr Fins.az

Bolqarıstan 2020-ci il dekabrın 31-dən Azərbaycandan təbii qazın qəbuluna başlayacaq. Bu barədə Bolqarıstanın energetika naziri Temenujka Petkova məlumat verib.

"Azərbaycanla razılaşma prioritetlərimizin həyata keçirilməsi - təbii qaz tədarükünün şaxələndirilməsi ilə bağlı olan son dərəcə mühüm müqavilədir. Bu, bizə bu il dekabrın 31-dən Bolqarıstan üçün yeni mənbə əldə etməyə imkan verəcək", - deyə Petkova Nazirlər Şurasının iclasında bildirib.

O qeyd edib ki, Bolqarıstan təbii qazı 2021-ci il oktyabrın əvvəlinədək TAP qaz kəmərini Yunanıstan qaz-nəqliyyat sistemi ilə bağlayan müvəqqəti tədarük məntəqəsi vasitəsilə əldə edəcək.

"Eyni zamanda, biz Yunanıstan-Bolqarıstan qaz kəmərinin (Interconnector Greese - Bulgaria, IGB) tikintisini davam etdiririk. Bir neçə ay davam edən keçid dövründən sonra Azərbaycan qazının qəbulu artıq TAP ilə IGB arasındakı birləşmə nöqtəsi olan "Komotini" vasitəsilə həyata keçiriləcək. Şəbəkələrarası birləşdirici xəttin inşasının gecikməsi COVID-19 pandemiyası ilə bağlıdır”, - deyə o qeyd edib.

"Gələn il yanvarın 1-də bizdə təkcə şaxələndirmənin deyil, həm də Azərbaycan qazının olacağına zəmanət veririk", - deyə Bolqarıstanın baş naziri Boyko Borisov bildirib.

“Bulgargaz” şirkəti ilə SOCAR arasında imzalanan müqaviləyə əsasən, “Şahdəniz-2” çərçivəsində Bolqarıstana 25 il müddətində illik 1 milyard kubmetr qaz tədarük olunacaq