Bakı, 3 dekabr Fins.az
TAP boru kəməri Cənub-Şərqi Avropada bazar inteqrasiyasını dəstəkləyəcək və dekarbonlaşmaya kömək edəcək.
Fins.az xəbəri bu sözləri TAP-ın icraçı direktoru Luca Schieppati “GES2020”də deyib.
O bildirib ki, ticarət əməliyyatlarının başlaması boru kəmərinin artıq təbii qazın nəqli üçün əlverişli imkana malik olması deməkdir.
Qeyd edək ki, TAP kommersiya əməliyyatlarına başlayıb. Belə ki, Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi olan TAP boru kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək kommersiya əməliyyatlarına başlayıb. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti əməliyyat mərhələsinə daxil olub. Dekabrın sonunda Cənub Qaz Dəhlizi artıq tam istifadəyə veriləcək. Onun son hissəsi olan TAP istifadəyə verilir.
Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışıb.
TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.
TAP Yunanıstan (550 kilometr), Albaniya (215 kilometr) əraziləri, Adriatik dənizinin dibi ilə (105 kilometr) keçərək İtaliya sahillərinə (8 kilometr) çıxır. TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar verib.
Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağında hasil olunan təbii qazı Avropaya nəql edir. Boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə TANAP ilə birləşir, Yunanıstan və Albaniyadan keçərək Adriatik dənizi vasitəsilə İtaliyanın cənub sahillərinə çatır. TAP Cənub-Şərqi Avropa ölkələrini qazla təchiz edəcək. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları və İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.
Xatırladaq ki, 3 ötürücü sistem operatoru – TAP AG, “Snam Rete Gas” və “DESFA” davam edən bazar sınaqları üzrə məcburi təklif mərhələsinin 2021-ci ilin iyul ayında baş tutacağını elan edib. Hər 3 operator son bazar şərtlərini nəzərə alaraq, enerji bazarlarının bərpa olunmasına daha çox vaxt ayırmaq istəyir. Ötən il iyulun əvvəlində TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.
Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).