SƏNAYE

02 Dekabr

3D çapın moda sənayesinə tətbiqi və perspektivləri araşdırılır

Bakı, 02 dekabr Fins.az

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “3D çapın moda sənayesinə tətbiqi və perspektivləri” mövzusuna həsr edilən onlayn elmi seminar keçirilib.

İnstitutdan şöbənin baş mütəxəssisi Zülfiyyə Hənifəyeva 3D çapın moda sənayesinə tətbiqi və perspektivlərindən danışıb. O qeyd edib ki, 3D çap hər hansı bir obyektin 3D printerin köməyi ilə təbəqə və ya lay şəklində üçölçülü obyektlər yaratdığı istehsal prosesidir. Hazırkı dövrü 3D əsri adlandırmaq olar. Bu texnologiya müxtəlif sahələrdə - təhsil, tibb, zərgərlik, inşaat, tekstil və s. sferalarda tətbiq olunur.

Tədqiqatçı bildirib ki, 3D printerlər əvvəllər heç vaxt hazırlanması mümkün olmayan fantastik moda yaratmaq, eyni zamanda, prototipləşdirmə və geyim istehsalı prosesini daha da sürətləndirmək məqsədilə istifadə edilə bilər.

3D çapın moda üçün dizayn proqramlarından bəhs edən məruzəçi CAD (Computer Aided Design) proqramını xüsusi vurğulayıb. O bildirib ki, 3D çap üçün xüsusi CAD proqramları mövcuddur. Bu proqram təminatları məhsulu vizuallaşdırmaq imkanı verir. İstənilən dizaynı tətbiq etməklə müştəri məmnuniyyəti əldə etmək mümkündür. 3D çapın bir çox sahələrə tətbiqi artıq sənayedə yeni eranın başlanğıcından xəbər verir. 3D çap məhsulları və xidmətlərinin 2024-cü ilədək 40 milyard ABŞ dollarından çox gəlir gətirəcəyi gözlənilir.