SƏNAYE

26 Noyabr

Türkiyə Azərbaycan qazının idxalını 21% artırıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə Azərbaycandan 8 278,19 mln. kubmetr qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 20,6% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yerdə qərarlaşıb.

Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi (EPDK) tərəfindən verildiyi məlumatlar əsasında edilən hesablamalara görə, Türkiyə 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 6 863,22 mln. kubmetr qaz idxal edib.

Məlumata əsasən, bu ilin sentyabr ayında da Azərbaycan 753 mln. kubmetrlə (-8%) Türkiyənin qaz idxalında ikinci yer tutub.

Bu ilin ilk 9 ayının yekunlarına əsasən, Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutub. Yanvar-sentyabrda bu ölkədən Türkiyəyə 8 746,94 mln. kubmetr "mavi yanacaq" ixrac olunub. Sentyabrda bu göstərici 1 855 mlrd. kubmetr təşkil edib.

Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur.