Bakı, 16 noyabr Fins.az
Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda 17,9 mln. ton neft hasil edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,5% azdır.
BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin ilk üç rübünün yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 39 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.
Hesabata görə, 2020-ci ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 399 mln. dollar əməliyyat məsrəfləri və 1,398 mlrd. dollardan çox əsaslı məsrəflər xərclənib.
"2020-ci ilin ilk üç rübü ərzində AÇG-də 10 neft hasilat və 2 suvurma quyusu qazılıb", - hesabatda qeyd edilir.