SƏNAYE

24 Sentyabr

"Çovdar" yatağında dərin qatların istismarı üzrə geoloji-kəşfiyyat işləri gələn ilin payızında başa çatacaq

"Daşkəsən rayonunda yerləşən "Çovdar" qızıl və gümüş yatağının ikinci – dərin qatlarının istismarı mərhələsi üzrə sərmayə qərarının verilməsi üçün tələb olunan bütün geoloji-kəşfiyyat işləri, texniki-iqtisadi əsaslandırma və ən əsası – iqtisadi bazar araşdırmaları təxminən gələn ilin bu vaxtlarında başa çatdırılacaq".

Bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "Daşkəsən Filizsaflaşdırma" ASC və "Çovdar" filiz emalı sahəsinə səfəri zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, qeyd olunan işlərin tamamlanması ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində sərmayələrin yatırılması üçün şərait yaradılacaq: "Son 3 il ərzində müəssisə ("AzerGold" ASC – red.) tərəfindən həyata keçirilən işlər nəticəsində onun balansında təsdiq olunan əlvan metallar – ilk növbədə, qızıl ehtiyatların həcmi əhəmiyyətli dərəcədə artıb. Bu, ölkənin ümumi iqtisadiyyatının təhlükəsizliyinin təmin edilməsi və qeyri-neft ixracı baxımından çox vacibdir. Eyni zamanda, gələcəkdə istehsal həcmləri artdıqca qeyri-neft ixrac növünün payının daha da artırılması nəzərdə tutulur".

Nazir əlavə edib ki, digər istiqamət qara metallurgiya ilə bağlıdır. Bunların sırasında dəmir filiz yatağının işlənməsi və zənginləşdirilmə kombinatının fəaliyyətini yenidən qurulmasıdır ki, bununla da ölkə iqtisadiyyatında istehsal və istehlak olunan dəmir məmulatlarının xammal bazası yaradılacaq.

Xatırladaq ki, "Çovdar" yatağının birinci – yerüstü mərhələsinin istismarı 2017-ci ildən etibarən həyata keçirilir. Hazırda yatağın ikinci – dərin qatlarının istismarı mərhələsi üzrə texniki və iqtisadi tədqiqat işləri beynəlxalq məsləhətçi şirkətin nəzarəti ilə həyata keçirilir və yaxın gələcəkdə layihə üzrə Texniki-İqtisadi Əsaslandırma və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərinin hazırlanması üzrə işlərin yekunlaşdırılması gözlənilir. İkinci mərhələnin icrasına 2024-cü başlanılması planlaşdırılır.

(c)APA