SƏNAYE

24 Sentyabr

"SOCAR Trading": Avropada dizelə tələbat 2021-ci ilədək bərpa olunmayacaq

Avropada 2021-ci ilə qədər dizelə olan tələbatın bərpa olunma ehtimalı azdır və bu da regionda çətinlik çəkən neft emalı zavodlarına təzyiqi artıracaq.

Bu barədə "Argus"a "SOCAR Trading" şirkətinin icraçı direktoru Məryəm Almaszadə deyib.

Onun sözlərinə görə, hazırda anbarlar doludur və emal həcmləri çox aşağıdır.

M. Almaszadə onu da qeyd edib ki, tələbatın tezliklə bərpa olunacağını gözləmir və vəziyyət yalnız COVID-19 vaksinin tapılması və hər kəs üçün əlçatan olacağı təqdirdə kəskin dəyişə bilər: "Tələbatın tezliklə bərpa olunacağını gözləyirəmmi? Xeyr, bunu cari il və hətta sonrakı 6-9 ay ərzində görmürəm, təbii ki, fövqəladə bir şey olmazsa – məsələn, COVID-19 peyvəndi hamı üçün əlçatan olarsa".

Şirkətin rəsmisi əlavə edib ki, belə bir şəraitdə işləmək qeyri-mümkündür: "Potensial olaraq daha az inkişaf etmiş bəzi neft emalı zavodlarının bazarı tərk etməsini istisna etmirəm".

"SOCAR Trading"in fəaliyyəti məsələsinə toxunan M. Almaszadə qeyd edib ki, bundan əvvəl müxtəlif neft növləri üçün ayrı ticarət şöbələri fəaliyyət göstərirdisə, hazırda şöbələr inteqrasiya olunub. Bunun nəticəsi kimi, potensial müştərilərin hansı neft sortuna ehtiyacı yaranacağı daha yaxşı başa düşülür.

(c)APA