SƏNAYE

23 Sentyabr

Bu ölkələr Azərbaycandan alüminium lentlərin idxalına antidempinq rüsumu tətbiq edəcək

Sentyabrın 22-də Avrasiya İqtisadi Komissiyasının (AİK) kollegiyası Azərbaycandan və Çindən alüminium lentlərin idxalına beş il müddətinə antidempinq tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edib.
Fins.az komissiyanın qərarına istinadən verdiyi məlumata görə, Azərbaycanda istehsal olunan alüminium lentlərin tədarükü üçün rüsum 16,18%, Çində istehsal olunan alüminium lentlərin tədarükü üçün rüsum isə 13,14% təşkil edəcək.

"Sözügedən tədbirlər sayəsində rəqabət səviyyəsinin bərabərləşdirilməsi nəticəsində Avrasiya İqtisadi İttifaqının mövcud sərbəst istehsal güclərinin (7 müəssisə) bazarın tələbatını tam şəkildə təmin edəcəyi gözlənilir", - deyə Avrasiya İqtisadi Komissiyasının ticarət naziri Andrey Slepnev bildirib.

Antidempinq rüsumunun tətbiq olunacağı alüminium lentlər xüsusən tikinti sənayesində, elektrotexnikada, həmçinin soyuducu qurğuların, radiatorların, jalüzlərin və s.-nin hazırlanmasında istifadə olunur. Bu tədbir alüminium bankaların istehsalı üçün nəzərdə tutulan məhsullara şamil edilməyəcək.

AİK kollegiyasının qərarı rəsmi qaydada dərc edildiyi tarixdən etibarən 30 təqvim günü sonra qüvvəyə minəcək.

Azərbaycan və Çindən alüminium lentlərlə bağlı antidempinq araşdırması 7 may 2019-cu il tarixində Alüminium istehsalçıları, təchizatçıları və istehlakçıları Birliyinin təqdim etdiyi ərizəyə baxılması nəticəsində başlanıb. Araşdırma zamanı dempinq idxalının mövcudluğu və onun Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin iqtisadi sahəsinə maddi ziyan vurduğu aşkarlanıb