SƏNAYE

22 Sentyabr

SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb

SOCAR AQŞ Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının Səriştəliliklərin Qiymətləndirilməsi proqramının beynəlxalq standartlara uyğun akkreditasiyasını alıb.

Şirkətdən  verilən məlumata görə, Səriştəliliklərin Qiymətləndirilməsi Proqramının əsas məqsədi hər bir işçinin öz vəzifəsinə uyğun bilik və bacarıqlara sahib olduğunu və iş sahələrində pozitiv və sağlam mədəniyyətin təmin edilməsi üçün lazım olan davranışları nümayiş etdirməkdir.

Proqram SOCAR AQŞ üçün bir neçə səbəbdən mühüm əhəmiyyət kəsb edir. İlk növbədə müəssisənin böyük operator şirkətlərinin layihələri üzrə aparılan tenderlərdə qalib ola bilməsi üçün əlavə imkanlar yaradacaq. Digər tərəfdən, SOCAR AQŞ ailəsinin əsas gücü olan əməkdaşlarının səriştəliliklərinin artırılması ilə beynəlxalq səviyyədə peşəkarların yetişdirilməsi və əməliyyatların daha keyfiyyətli və təhlükəsiz aparılması üçün dəstək rolunu oynayacaq.

Səriştəliliklərin Qiymətləndirilməsi Proqramının daha bir əhəmiyyəti isə SOCAR AQŞ kollektivi üçün açdığı yeni üfüqlərdir. Belə ki, proqram tam şəffaf qiymətləndirmədə iştirak etmək şansı verməklə əldə edilən nəticəyə uyğun olaraq karyera pilləsində yüksəlmə imkanı yaradacaq. Bundan başqa, proqram əməkdaşların hazırkı vəzifəsi üzrə inkişaf etmək və gələcək vəzifələrə uyğun püxtələşmək üçün əsas meyar rolunu oynayacaq.

SOCAR AQŞ-nin Təşkilati İnkişaf şöbəsinin müdiri Cəmilə Əşrəfli bildirib ki, müəssisənin 2020-ci ilin əvvəlində müəyyən etdiyi 5 priotitet sahədən biri səriştəliliklərin inkişaf etdirilməsi olub: “Artıq 1 ildir ki, müəssisəmiz bu sahənin inkişaf etdirilməsi və mükəmməlləşdirilməsi istiqamətində iri addımlarla irəliləyir. Bu prioritet sahənin bu il üçün nəzərdə tutulan əsas hədəfi IADC (Beynəlxalq Qazma Podratçılarının Assosiasiyası) tərəfindən Səriştəliliklərin Qiymətləndirilməsi Proqramının akkreditasiyasına nail olmaq idi. Bu akkreditasiya beynəlxalq operator şirkətləri tərəfindən yüksək peşəkarlıq nişanı kimi qiymətləndirilir. Bu gün biz fəxrlə qeyd etmək istərdik ki, iyul ayının 1-dən IADC tərəfindən bu sertifikata layiq görülmüş çox az sayda şirkətlərin arasında bizim də adımız sadalanır”.

Proqramın ilk mərhələsində özüllərdə fəaliyyət göstərən hər bir vəzifə üçün səriştəlilik profilinin hazırlanması və həmin vəzifə sahibinin səriştəliliklərinin təmin olunması və inkişaf etdirilməsi nəzərdə tutulub. Bununla da müəssisə olaraq, SOCAR AQŞ 2020-ci il üçün qarşıya qoyduğu hədəflərə çatmaqla sifarişçi və podratçılarına əvəzolunmaz tərəfdaş olduğunu bir daha nümayiş etdirəcək.