SƏNAYE

18 Sentyabr

Azərbaycanın enerji tənzimləyicisi ERRA -nın Baş Assambleyasının onlayn iclasına qatılıb

Enerji Tənzimləyiciləri Regional Assosiasiyasının (ERRA) Baş Assambleyasının onlayn iclası keçirilib. İclasda Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov iştirak edib.

Fins.az xəbər verir ki, iclası giriş sözü ilə açan ERRA-nın sədri, Estoniya Rəqabət Təşkilatının baş direktoru Mart Ots iştirakçıları və qonaqları salamlayıb. 

Sonra Səudiyyə Ərəbistanı və Macarıstanın tənzimləyici qurumlarının keçmiş rəhbərləri ERRA-nın fəxri üzvləri seçiliblər. İclasda Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Şərqi Afrika, Fransanın quruma assosiativ üzvlüyü, Tailandın isə tam üzvlük məsələləri müzakirəyə çıxarılıb və səsvermə yolu ilə bu ölkələrin üzvlükləri təsdiq edilib.

İclas işitirakçılarına ERRA-ya üzvlük haqqı ödəməyən bir neçə ölkənin müvafiq qurumları haqqında məlumat verilib. 
Qurumun tənzimləmə üzrə mütəxəssisləri Kristina Kasa və Ardian Berişa 2019-cu ilin mayından 2020-ci ilin avqustunadək ERRA tərəfindən müxtəlif layihələr üzrə görülmüş işlər, keçirilmiş tədbirlər, vebinarlar, podkastlar barədə iştirakçılar qarşısında təqdimatla çıxış ediblər. Daha sonra iclasda ERRA-nın maliyyə hesabatı, büdcəsi, gələn il üçün iş planı müzakirə edilib və məsələlər səsvermə yolu ilə qəbul edilib.

Türkiyə, Qazaxıstan, Latviya, Gürcüstan, Şimali Makedoniya, Estoniya, Avstriya, Albaniya və Macarıstandan namizəd göstərilmiş nümayəndələr qurumun Rəyasət Heyətinə üzv seçiliblər. 

Görüşdə ERRA-nın yeni sədr və sədr müavini də seçilib. Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə komisssiyasının üzvü Maya Melikidze səs çoxluğu ilə 2 il müddətinə ERRA-nın yeni sədri, Macarıstanın Enerji və Kommunal Tənzimləmə qurumunun xarici əlaqələr üzrə sədr müavini Pal Saqvari isə ERRA-nın sədr müavini vəzifələrinə seçiliblər.  Bundan başqa, səsvermə yolu ilə qurumun maliyyə komitəsinə üzvlər seçilib. 

ERRA-nın Baş Assambleyasında, həmçinin, qurumun bir sıra tədbir və seminarlarına ev sahibliyi etmiş ölkələrin tənzimləyici qurumlarının nümayəndələrinə sertifikatlar təqdim edilib.

İclasın sonunda ERRA üzvü olan tənzimləyici qurumların müxtəlif donor layihələrində iştirakları barədə iclas iştirakçılarına ətraflı məlumat verilib.

Qeyd edək ki, Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2018-ci ilin aprelindən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvüdür.