SƏNAYE

25 Avqust

Uşaqlıq arzusu çin olan memar: “Daşları yonub fiqurlar düzəldirdim…”

 “Əlləri qızıl usta…” Xaçmazda onu belə adlandırırlar. 25 ildən çoxdur ki, rayonda insanlara mənzil sevinci yaşadır. Həmsöhbətimiz rayon sakinlərinin ən müxtəlif arzularını, xəyallarını gerçəkləşdirən Pirverdiyev Sarvandır. Xaçmaz rayonunda dünyaya gələn, orada böyüyən Sarvan bəy tikinti sahəsində adlı-sanlı ustadır.

Pirverdiyev Sarvan, 1973-cü ildə Xaçmazda anadan olub. Tikintinin bütün sahələrində iş təcrübəsi, bacarığı var. 25 ildən çoxdur bu sahədə işləyir. Sənəti rayonda tanınan sənətkarlardan birinin yanında işləyə-işləyə öyrənib. Ustadını belə xatırlayır: “Çox güclü sənətkar idi, yanında şagird olmuşam. Bu sənətin bütün incəliklərini mənə o öyrədib. Bu gün yediyim halal çörəyi onun sayəsində qazanıram. Öyrətdiyi adamların içində, demək olar ki, ən yaxşı mənimsəyəni mən oldum. Ona görə də sonralar bir müddət onun da bütün işlərini mən apardım”.

Rayon sakinlərinin sifarişləri arasında əsasən Avropa üslubu üstünlük təşkil edir. Amma bu bizim həmsöhbətimizi heç də çətinə salmır: “Təbii ki, çətin işlər də olur, böyük həcmli işlər olur, suvaqdan nəsə yaratmaq lazım gəlir. Düzdür, belə işlərə tək-tək üstünlük verən olur, amma öhdəsindən gələ bilirəm. Elə ona görə də iş sarıdan korluq çəkmirəm, sifarişlərim çox olur. Hər işin sonunun yaxşı olması üçün səbirli olmaq lazımdır. Mən də çalışıram ki, işimi tələm-tələsik bitirib pulumu alıb getməyim, əksinə, təmkinlə, səliqə ilə görüm ki, müştəri də məndən razı qalsın”.

Sarvan bəy uşaqlıqdan bu sənətə meyl edib. “Memarlıq uşaqlıq arzum olub” deyən ustanın sözlərinə görə, hələ körpə yaşlarından balaca qəliblər düzəldib kərpic kəsməyi, daşları yonub müxtəlif fiqurlar düzəltməyi xoşlayıb: “Bu işdə bir qədər yaradıcılıq da rol oynayır. İşimdə hər zaman fantaziyama güvənmişəm və uğur qazanmışam. Müştərilər də hər zaman gördüyüm işin nəticəsindən razı qalır. Mən ümumiyyətlə elə xarakterdə adamam ki, işimdən kimsə narazı qalsa bir daha eyni həvəslə çalışa bilmərəm. Ona görə də özüm yol vermirəm ki, müştərilər narazı qalsınlar. Gördüyüm işi təmiz görməyi sevirəm”.

Görünür, elə bu xüsusiyyətlərinə görə, çalışdığı rayonda işilə tanınır Sarvan usta. İşi başqa ustaların işindən seçilir, ev təmir etdirən insanlar birinci ona üz tuturlar. “Vaxtım olmayanda da məsləhətlərimi verirəm insanlara. Ev tikmək gözəl əməldir, ona görə istəyirəm ki, kiməsə işimlə olmasa da, məsləhətlərimlə faydalı olum”.

“Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir” deyib atalar. İşinə bağlılığın yaratdığı məsuliyyət hissi həmsöhbətimizə zəhmətdən qorxmamağı aşılayır: “Hər bir xırdalığını, detalını sevirəm bu işin. Ona görə də bu sahədə uğur qazana bilmişəm”.

P.S. Yazı “Norm Ustalar Klubu” layihəsi çərçivəsində hazırlanıb.