SƏNAYE

21 Avqust

SOCAR 2022-ci ildə Avro-5 standartına cavab verən yanacaq istehsalına başlamağı planlaşdırır

SOCAR 2022-ci ildə Bakı Neft Emalı Zavodunda (BNEZ) Avro-5 standartına cavab verən avtomobil yanacağı istehsalına başlamağı planlaşdırır. Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

"Hazırda BNEZ-in modernləşdirilməsi layihəsi koronavirus pandemiyası şəraitində davam edir. Bütün ölkələrdə tətbiq edilən məhdudlaşdırıcı tədbirlər sənaye layihələrinə birbaşa təsir göstərir, çünki mütəxəssislərin, mal-materialların hərəkətini əngəlləyir və müəyyən gecikmələrə səbəb ola bilər. Buna baxmayaraq, zavodun modernləşdirilməsi prosesi tənzimlənir. Müəssisənin Avro-5 standartına cavab verən avtomobil yanacağı istehsalına 2022-ci ildə başlayacağı gözlənilir", - deyə Əhmədov bildirib.

Daha əvvəl şirkət modernləşdirilmə işlərinin yekunları üzrə 2021-ci ildə müəssisədə Avro-5 standartına uyğun dizel yanacağının, bir müddət sonra isə Aİ 92/95/98 markalı avtomobil benzininin istehsalına başlamağı planlaşdırırdı.

"BNEZ-in yenidən qurulması və modernləşdirilməsi layihəsinin ilkin variantı yenidən nəzərdən keçirilib və bu proses hələ də davam edir. Bəzi mütəxəssislərimizin qiymətləndirmələrinə görə, zavodda Avro-5 ekoloji standartına cavab verən avtomobil yanacağının istehsalına 2021-2022-ci illərdə başlanıla bilər", - deyə o əlavə edib.

Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi ümumilikdə 3 mərhələdə həyata keçiriləcək.

BNEZ-in yenidən qurulmasının birinci mərhələsi 2018-ci ildə başa çatıb. Nəticədə yeni bitum qurğusu və LPG məntəqəsi istifadəyə verilib.

BNEZ-in yenidən qurulmasının ikinci mərhələsinin yekununda Avro-5 standartı üzrə dizel yanacağının istehsalı, üçüncü mərhələnin yekunları üzrə Avro-5 standartı üzrə Aİ 92/95/98 markalı avtomobil benzininin istehsalı təşkil olunacaq.

SOCAR BNEZ-in yenidən qurulması və modernləşdirilməsi üzrə işləri 2024-2025-ci illərdə başa çatdırmağı planlaşdırır.

Modernləşdirilmə işlərindən sonra BNEZ-də illik 2,2 milyon ton avtomobil benzini (hazırda 1,2 milyon ton təşkil edir), 2,9 milyon ton dizel yanacağı (hazırda 1,9 milyon ton), 1 milyon ton reaktiv yanacaq (hazırda 600 min ton) və 390 min ton neft-kimya məhsulları (hazırda 112 min ton) istehsal olunacaq.

Layihə $2,2 milyard məbləğində qiymətləndirilib.

(c)"İnterfaks-Azərbaycan"