SƏNAYE

18 Avqust

Ekspert: “Dövlət şirkətlərində özəlləşdirmə ixtisarlara səbəb ola bilər”

Dövlət şirkətlərinin yeni idarəetmə sisteminə keçidi və özəlləşdirilməsi hazırda gündəm mövzularından birinə çevrilib. Belə ki, aralarında “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, dövlət neft şirkəti SOCAR və digər böyük dövlət şirkətlərinin də olduğu qurumlarda yeni idarəetmə sisteminə keçid bütövlükdə layihələrin səmərəliliyini artırmaq məqsədi güdür. Eləcə də, dövlət qurumlarında özəlləşdirmə sahəsində daha geniş islahatların aparılacağı gözlənilir. 

Bəs özəlləşdirmənin dövlət şirkətlərinə hansı təsirləri ola bilər?

Məsələ ilə bağlı fins.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlibildirib ki, Azərbaycan iqtisadiyyatında dövlətin rolu çoxdur: “Özəlləşdirmə yolu ilə iqtisadiyyatın liberallaşmasına və bu yolda müəyyən addımların atılmasına ehtiyac var. Özəlləşdirilmə niyəti doğru olsa da, bunun həyata keçirilməsi üçün investisiya mühiti yaradılmalı, həm xarici, həm də daxili investorlar üçün güvən təsis olunmalıdır. Özəlləşdirmə iqtisadi amil olsa da, paralel olaraq iqtisadiyyatdan kənarda da işlər görülməli, idarəetmə sistemi və məhkəmə hakimiyyəti ilə bağlı islahatlar sürətləndirilməli, Azərbaycan bir çox beynəlxalq təşkilatlara üzv olmalıdır”. 

“Yaxın gələcəkdə dövlətin bütün aktivlərinin özəlləşdirilməsi doğru olmaz”.

Ekspert yaxın gələcəkdə dövlətin bütün aktivlərin özəlləşdirilməsinin doğru olmayacağını deyib: “Yaxın gələcəkdə dövlətin əlindəki bütün aktivlərin özəlləşdirilməsi ilə bağlı qərar veriləcəyini düşünmürəm. Bu, həm doğru olmazdı, həm də indiki şəraitdə mümkünsüzdür. Özəlləşdirmə prosesində güman olunur ki, dövlət istehsal sahələrini öz əlində saxlayacaq. Məsələn, enerji və neft-qaz istehsalı, suyun ilkin mənbədən alınması kimi sahələr dövlətin öz əlində qala bilər. Lakin paylayıcı şirkətlər uyğun şərtlərlə özəlləşdirilə və ya uzunmüddətli icarəyə verilə bilər. Bu qurumların özəlləşdirilməsi müqavilə öhdəliklərinin həyata keçirilməsinə nəzarəti gücləndirə bilər”.

“Dövlət şirkətlərində özəlləşdirmənin aparılması səbəbindən müəyyən ixtisarların olması mümkündür”.

N. Cəfərli qeyd edir ki, məsələnin sosial tərəfinə baxdıqda burada müəyyən problemlərin ortaya çıxdığını görmək olar: “Belə ki, dövlət şirlətlərində iş yerləri ştatlarının ciddi şişirilməsi mövcuddur. İşçi sayı olduqca çoxdur və bu, rasional kadr siyasəti deyil. Dövlət şirkətlərində özəlləşdirmənin aparılması səbəbindən müəyyən ixtisarların olması mümkündür. İxtisarlar isə elə olmalıdır ki, vətəndaşlar işsiz qalmasın. Dövlət bu sahədə müəyyən addımlar ata bilər”. 

“Özəl şirkətlər rəqibi olmadıqda təbii inhisarçı sayılacaq”.

“Özəlləşdirmə zamanı dövlətlə özəl şirkətlər arasında xüsusi müqavilələr bağlanılır. Özəl şirkətlər isə rəqibi olmadıqda təbii inhisarçı sayılır. Bizdə isə təbii inhisarçılarla bağlı qanunvericilik bazası var və onların qiymətinə dövlətin nəzarət mexanizmi mövcuddur. Bunun üçün maksimum qiymət müəyyən oluna bilər ki, məhsulların satılması, xidmətin göstərilməsi bu qiymətdən yuxarı olmasın”, - deyə ekspert bildirib.