Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Bunu prezident İlham Əliyev deyib.
“Əgər bizim büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Yəni, bu, bizim üçün böyük itkidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”, - deyə dövlət başçısı bu gün Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, altı ay ərzində Azərbaycanın valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıbdır, “halbuki biz daha da böyük düşmə, tənəzzül gözləyirdik”.
İ.Əliyev əlavə edib ki, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərib, iqtisadiyyat beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğrayıb. Amma bu, bərpa ediləcək.
“Altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər. Bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib. Nəyin hesabına? Məhz şəffaflığın, dürüstlüyün hesabına, kölgə iqtisadiyyatının daralmasının hesabına”, - deyə prezident vurğulayıb.