Hesablama Palatası Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) dövlət büdcəsinə transfertlərin qrafikini optimallaşdırmağı tövsiyə edir.
"Bölgü (aylar üzrə - İF) göstərir ki, bütövlükdə dövlət büdcəsinə transfertlər plana uyğun həyata keçirilib, amma bəzi aylarda plandan artıq, bəzi aylarda isə az olub. Bu, transfert bölgüsünün optimallaşdırılmasının vacibliyini şərtləndirir", - deyə Hesablama Palatasının fondun 2019-cu il büdcəsinin icrasına dair rəyində bildirilir.
Sənədlərə əsasən, 2019-cu ildə dövlət büdcəsinə rüblük transfertlər 2 milyard 841,075 milyon manat təşkil etməli idi. 2019-cu ilin birinci rübündə faktiki transfertlər 2 milyard 615 milyon manat, ikinci rübdə 1 milyard 798 milyon manat, üçüncü rübdə 3 milyard 123 milyon manat, dördüncü rübdə isə 3 milyard 828,3 milyon manat təşkil edib.
2019-cu il dövlət büdcəsinə ARDNF-in transfertləri 11 milyard 364,3 milyon manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 405,3 milyon manat və ya 3,7% çoxdur.
(c)İnterfaks Azərbaycan