SƏNAYE

01 İyul

SOCAR Azərbaycanda Yanacaq Doldurma Məntəqələrinin sayını 34-ə çatdırıb

SOCAR Petroleum” QSC Azərbaycanda “SOCAR” brendi ilə yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 34-ə çatdırıb. Bu barədə “SOCAR Petroleum” şirkətindən məlumat verilib.

“Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin şimal hissəsi, Binəqədi–Novxanı yolu istiqamətində, Gənclər şəhərciyi yaşayış kompleksinin yaxınlığında "SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib”, - deyə məlumatda bildirilir.

Yeni istifadəyə verilmiş məntəqədə 7 yanacaqpaylayıcı kalonka quraşdırılıb ki, onlardan ikisi sıxılmış təbii qaz (CNG) satışını həyata keçirəcək. YDM-də STQ ilə yanaşı, “Super”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və neft məhsullarının pərakəndə satışı ilə məşğul olur. Şirkət respublikada ilk yanacaqdoldurma məntəqələrini 2010-cu ilin may ayında açıb.

Yanacaqdoldurma məntəqələrində Euro-4 standartlarına cavab verən Aİ-95 Premium, Aİ-92 (Euro-2), Aİ-98 Super (Euro-5) markalı benzinin, eləcə də maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçirilir. Həmçinin şirkət 11 neft terminal bazasına malikdir.

(c)İnterfaks Azərbaycan