SƏNAYE

01 İyul

Neft Fondunun “Qalereya Aktyor”-un icarəyə verilməsindən xalis gəlirləri 29 dəfə artıb

2019-cu ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Moskvadakı “Qalereya Aktyor” ofis-ticarət mərkəzinin icarəyə verilməsindən 128 milyon 112,528 min rubl (təxminən $2 milyon) gəlir əldə edib. Bu barədə Hesablama Palatası məlumat yayımlayıb.

Xəbər verildiyi kimi, 2018-ci ildə fond “Qalereya Aktyor” mərkəzinin icarəyə verilməsindən 4 milyon 359,775 min rubl gəlir əldə edib. Beləliklə, 2019-cu ildə mərkəzin icarəyə verilməsindən fondun gəlirləri 29,4 dəfə artıb.

Hesabata əsasən, 2019-cu ilin sonuna “Qalereya Aktyor” mərkəzinin bazar dəyəri 2018-ci ilin sonuna olan 3 milyard 269 milyon rubla qarşı 3 milyard 334,2 milyon rubl ($51,5 milyon) məbləğində qiymətləndirilir. «2019-cu ildə bu obyektin dəyərinin yenidən qiymətləndirilməsindən ARDNF-in gəlirləri 65,2 milyon rubl təşkil edib”, - deyə Hesablama Palatasının fondun 2019-cu il büdcəsinin icrasına dair rəyində qeyd olunur.

2012-ci ildə fond Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri $133 milyon olan “Qalereya Aktyor” ofis-ticarət mərkəzini satın alıb. Binanın ümumi sahəsi 18 075 kv. metr təşkil edir və Moskvanın tarixi mərkəzində yerləşir. Əmlak müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilib.

ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.