2019-cu il dekabrın 31-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xaricdə daşınmaz əmlakın alınmasına investisiya qoyuluşları $2 milyard 708 milyon 719,917 min məbləğində qiymətləndirilir.
“2018-ci ilin sonuna Neft Fondunun xaricdə daşınmaz əmlaka investisiya qoyuluşu (cari hesab vəsaitləri daxil olmaqla) $2 milyard 142 milyon 392,602 min məbləğində qiymətləndirilib. Beləliklə, 2019-cu ildə fond tərəfindən xaricdə daşınmaz əmlaka investisiya qoyuluşlarının ümumi həcmi 26,4% artıb.
“2019-cu il dekabrın 31-nə ARDNF-in xaricdə daşınmaz əmlakın alınmasına investisiya qoyuluşları (cari hesab vəsaitləri daxil olmaqla) $2 milyard 708 milyon 719,917 min məbləğində qiymətləndirilir. İnvestisiya qoyuluşlarının strukturunda $1 milyard 59 milyon 636,825 min və ya 39% birbaşa investisiyaların, $79 milyon 856,104 min və ya 3% - borc fondlarına investisiyaların, $395 milyon 485,739 min və ya 15% birgə investisiyaların, $1 milyard 173 milyon 741,248 min və ya 43% daşınmaz əmlak fondları vasitəsilə investisiyaların payına düşüb. 2019-cu il ərzində fondun xaricdə daşınmaz əmlakın alınmasına ümumi investisiya qoyuluşları $406 milyon 598,100 min təşkil edib", - deyə Hesablama Palatasının ARDNF-in 2019-cu il büdcəsinin icrasına dair rəyində bildirilir.
2019-cu ildə ARDNF-in daşınmaz əmlaka investisiya qouluşları üzrə gəlirliliyi 7,35%, o cümlədən daşınmaz əmlaka birbaşa investisiyalar üzrə gəlirlilik 6,9%, daşınmaz əmlak fondları vasitəsilə investisiya qoyuluşları üzrə gəlirlilik 10,44%, borc fondları üzrə gəlirlilik 4,72%, birgə investisiyalar üzrə gəlirlilik 3,34% təşkil edib.
Fond 2012-ci ildən başlayaraq London, Moskva, Paris, Milan, Seul və Tokioda daşınmaz əmlakın alınmasına, eləcə də PGIM Real Estate, AXA Investment Management, PAG Real Estate, E-Shang Redwood, Gaw Capital Partners, BlackStone Real Estate, Walton Street Capital və Blackrock Fund Managers Limited tərəfindən idarə olunan bir sıra daşınmaz əmlak fondlarına investisiya qoyub.
Bundan başqa, ARDNF PGIM Real Estate, Blackrock Fund Managers Limited, Walton Street Capital və Gaw Capital Partners fondları ilə birlikdə bir sıra daşınmaz əmlak obyektlərinə investisiyalar yatırıb.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.