SƏNAYE

01 İyul

Hesablama Palatası Neft Fonduna investisiya portfelini optimallaşdırmağı tövsiyə edir

Hesablama Palatası Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) investisiya strategiyasını səmərəli tətbiq etməyi və investisiya portfelini optimallaşdırmağı tövsiyə edir.

“ARDNF-in uzunmüddətli investisiya strategiyasının səmərəli tətbiqinə, investisiya portfelinin bu strategiya fonunda daha da optimallaşdırılmasına və gəlirliliyin yüksəldilməsinə istiqamətlənən hədəflərin müəyyən edilməsi məqsədəuyğundur. Bunun üçün investisiya siyasəti çərçivəsində valyuta vəsaiti portfelinin valyutalar üzrə tərkibində ABŞ dollarında və Avroda intervalların müəyyənləşməsi dəyişkən bazar şəraitində idarəetmə çevikliyinin və yol verilə bilən kənarlaşma hədlərinin müəyyən edilməsini şərtləndirir. Bundan başqa, ARDNF-ə investisiya portfelinin valyuta bölgüsünə yenidən baxılması tövsiyə olunur”, - deyə Hesablama Palatasının Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin icrası ilə bağlı rəyində bildirilir.

Palata, həmçinin borc öhdəliklərinin yerləşdirilmə müddəti ilə bağlı investisiya portfelinə yenidən baxılmasını tövsiyə edir.

"Fondun gəlirləri və xərcləri arasındakı fərq vəsaitlərin idarə olunmasından əldə edilən ABŞ dollarının manata konvertasiyası ilə qismən örtülür ki, bu da yeganə hal deyil. Bu, təkcə orta və uzunmüddətli investisiyaların həcmi ilə bağlı qeyri-müəyyənlik yaratmır, eyni zamanda, investisiya portfelinin nominal dəyərinin qısamüddətli dəyişkənliyini həssas problemə çevirir. Yuxarıda qeyd olunanları və bir sıra suveren fondların təcrübəsini nəzərə almaqla investisiya portfelinin optimallaşdırılması üçün zəruri tədbirlərin görülməsi məqsədəuyğundur", - deyə məlumatda qeyd olunur.

2019-cu ilin yekunları üzrə Dövlət Neft Fondunun investisiya portfeli $43 milyard 322,68 milyon təşkil edib.

Fondun investisiya portfelinin strukturunda 56,6% ABŞ dolları, 31,4% avro, 5,1% funt sterlinq, 0,6% Avstraliya dolları, 0,8% türk lirəsi 0,8% rus rublu, 0,5% Cənubi Koreya vonu, 1,2% Çin yuanı, 1,5% yapon yeni, 1,5% digər valyutalarda yerləşdirilib.

ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır