SƏNAYE

30 İyun

Bu ölkəyə ən çox qaz satan dövlət Azərbaycandır

Azərbaycan 2020-ci ilin yanvar-aprel aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 3 milyard 645,81 milyon kubmetr qaz ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 21,9% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.

Aprel ayında Türkiyəyə 916,57 milyon kubmetr Azərbaycan qazı ixrac olunub, bu isə Türkiyəyə qaz ixracının ümumi həcminin 34,8%-ni təşkil edib (2019-cu ilin aprel ayı ilə müqayisədə artım 26,44%).

Azərbaycan aprel ayında Türkiyəyə qaz ixracının həcminə görə liderliyini qoruyub saxlayıb. İkinci yerdə Rusiya (17,86%), üçüncü yerdə Əlcəzair (13,37%), dördüncü yerdə isə ABŞ (10,95%) qərarlaşıb.

Azərbaycan mart ayında Türkiyəyə qaz ixracının ümumi həcmində 23,45% payla birinci yeri tutub.

Aprel ayında Türkiyəyə 2 milyard 633,97 milyon kubmetr qaz (2019-cu ilin aprel ayı ilə müqayisədə azalma 25,8%) ixrac edilib. 1 milyard 386,91 milyon kubmetr boru kəməri qazının (ixracın 52,7%-i, 2019-cu ilin aprel ayı ilə müqayisədə azalma 51,5%), 1 milyard 247,07 milyon kubmetr (47,3%, artım 1,8 dəfə) isə LNG-nin payına düşüb.

2019-cu ildə Azərbaycan Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 9 milyard 584,78 milyon kubmetr qaz (artım 27,3%) ixrac edib.

Azərbaycan qazı Türkiyəyə yalnız “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində ixrac edilir.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir

(c)interfaks Azərbaycan