SƏNAYE

29 İyun

“Anglo Asian Mining” 2023-cü ilədək Ordubad yatağında qızıl hasilatına başlaya bilər

Britaniyanın "Anglo Asian Mining" şirkəti (ААМ - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) 2023-cü ilədək Naxçıvan Muxtar Respublikasında Ordubad qızıl yatağının işlənməsinə başlamağı nəzərdə tutur.

ААМ ümumi qiymətli metal ehtiyatlarının artırılması üçün 2019-cu ilin yazında Ordubadda geoloji-kəşfiyyat işləri proqramının həyata keçirilməsinə başlayıb.

"Ehtimal olunur ki, bu müqavilə ərazisində kəşfiyyat işləri 2-3 il vaxt aparacaq, bundan sonra ehtiyatların qiymətləndirilməsi və şaxtanın tikintisi həyata keçiriləcək ki, bu da əlavə 1-2 il çəkəcək. Qızıl hasilatı bu layihənin əsas tərkib hissəsidir. Lakin geoloji-kəşfiyyat işləri üzrə cari strategiyamız mis və ya mis-porfir minerallaşması obyektlərinin aşkarlanmasına da yönəlib. Bu tip yataqlarda adətən 100-350 milyon ton resurs (0,30%-dən 0,55%-dək mis tərkibli) olur", - deyə məlumatda bildirilir.

Şirkət geoloji-kəşfiyyat işləri zamanı Ordubad müqavilə sahəsində yüksək keyfiyyətli qızıl aşkar edib ki, bu da az xərc tələb edən istehsalla ildə 20 min unsiyadan 50 min unsiyaya qədər hasilatı təmin edə bilər.

Hazırda “Anglo Asian Mining” “Gədəbəy” müqavilə sahəsində iki açıq mədəndən (“Gədəbəy” və “Uğur”) və bir yeraltı mədəndən (“Qədir”) qızıl, gümüş və mis hasil edir.

Xəbər verildiyi kimi, Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.

“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin III rübündə “Qoşa” yatağından, 2015-ci ilin yayında “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.

(c)İnterfaks-Azərbaycan