SƏNAYE

25 İyun

İlham Əliyev: Yanvar-may aylarında Azərbaycan neftinin orta qiyməti 41dollar təşkil edib

2020-ci ilin yanvar-may aylarında Azərbaycan neftinin orta qiyməti 41 dollar təşkil edib. Bunu prezident İlham Əliyev deyib.

“Ancaq Azərbaycan büdcəsi neftin qiymətinin 55 dollarına hesablanıb və beş ayın nəticəsində neftin orta qiyməti 41 dollardır. Ona görə bizim gəlirlərimiz azalır”, - deyə dövlət başçısı iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, koronavirus infeksiyası ilə əlaqədar yanvar-may aylarında ÜDM 1,7% azalıb. Bir neçə önəmli iqtisadi sahə demək olar ki, fəaliyyətsiz qalıb.

“Bu, o qədər də böyük tənəzzül deyil. Ancaq biz ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər nümayiş etdirmişdik. Bizim çox böyük planlarımız, çox gözəl perspektivlərimiz var idi. Bütün aparıcı beynəlxalq maliyyə qurumları da 2020-ci ili Azərbaycanda sürətli inkişaf ili kimi görürdülər və bunu bəyan edirdilər. Biz şüurlu şəkildə məhdudlaşdırıcı tədbirləri gördük və deyə bilərəm, dünyada ilk ölkələrdən idik ki, bütün lazımi məhdudlaşdırıcı tədbirləri gördük, məktəbləri, ali məktəbləri, ictimai iaşə obyektlərini, böyük ticarət mərkəzlərini bağladıq ki, kütləvi yoluxmanın qarşısı alınsın”, - deyə İ.Əliyev qeyd edib.

Prezident bildirib ki, fəaliyyətsiz qalmış iqtisadi sahələrdən biri də turizm sahəsidir. “Biz son 4-5 il ərzində turizm sahəsini çox güclü və təkanverici sektor kimi formalaşdırmışdıq və ildən-ilə Azərbaycana gələn turistlərin sayı artırdı. Keçən il rekord həddə çatmışdır, ölkəmizə 3 milyon xarici vətəndaş gəlmişdir. Müxtəlif hesablamalara görə, onlar Azərbaycanda təqribən bir yarım – iki milyard dollar pul xərcləyiblər. Bu, ölkəmizə gələn valyutanın artması deməkdir. Yəni, biz bundan məhrum olduq”, - deyə İ.Əliyev vurğulayıb