SOCAR iyunda Belarusa Azərbaycan neftinin yeni partiyasını nəql etməyi planlaşdırır.
"Biz təxminən 25-26 iyun tarixlərində Belarusa Gürcüstanın Supsa limanından bir partiya neft göndərməyi planlaşdırırıq", - SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
O məlumat verib ki, bu partiyanın həcmi 85-90 min ton təşkil edəcək.
Xəbər verildiyi kimi, “SOCAR Trading” mart-aprel aylarında Odessa limanından Odessa-Brodı neft kəməri vasitəsilə Belarusa ümumi həcmi 335 min tona yaxın 4 partiya neft nəql edib. Ümumi həcmi 250 min ton 3 partiya neft mart ayında, 85 min ton bir partiya isə apreldə nəql olunub. Neft Odessa-Brodı boru kəməri, daha sonra isə Broda-Mozır marşrutu ilə Mozır neft emalı zavoduna yola salınıb.
“Belneftexim”in məlumatına görə, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.
Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib
İnterfaks-Azərbaycan