2019-cu ildə “Azərişıq” ASC-nin xalis zərəri 2018-ci ilin yekunları üzrə 12 milyon 919 min manat məbləğində xalis mənfəətə qarşı 54,863 milyon manat təşkil edib.
Cəmiyyətin saytında dərc olunmuş 2019-cu ilə dair maliyyə hesabatına əsasən, onun gəlirləri 1 milyard 232,441 milyon manat (artım 2,3% - İF), satışların maya dəyəri 1 milyard 134,344 milyon manat (2018-ci ilin göstəricisi ilə müqayisədə artım 3,4%) təşkil edib.
2019-cu ildə “Azərişıq” ASC-nin əməliyyat fəaliyyətindən zərəri 33,236 milyon manat (2018-ci ildə gəlir 36,824 milyon manat), vergi ödənilənədək zərəri 53,037 milyon manat (2018-ci ildə gəlir 30,269 milyon manat) təşkil edib.
Ötən il cəmiyyətin mənfəət vergisi üzrə ödənişləri 1,826 milyon manat (azalma 9,5 dəfə) məbləğində olub.
2019-cu ildə “Azərişıq” ASC-nin aktivləri 2018-ci illə müqayisədə 3,7% - 2 milyard 320,637 milyon manatadək artıb. Cəmiyyətin uzunmüddətli aktivləri 2 milyard 172,611 milyon manata (artım 5,1%), qısamüddətli aktivləri 148,026 milyon manata (azalma 13,3%) bərabərdir.
Hesabata əsasən, 1 yanvar 2020-ci il tarixinə cəmiyyətin öhdəlikləri 699,877 milyon manat (artım 5,2%) məbləğindədir.
Cari ilin əvvəlinə “Azərişıq” ASC-nin kapitalı 1 milyard 620,76 milyon manata (artım 3,1%) bərabərdir. 2019-cu ilin sonuna cəmiyyətin nizamnamə kapitalı 1 milyard 678,705 milyon manat (dəyişməyib), yığılmış zərər 385,126 milyon manat (artım 16,6%) təşkil edib.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.
(c)İnterfax Azerbaycan