SƏNAYE

19 İyun

\"OPEC+\" Monitorinq Komitəsi avqustda hasilatı bir qədər də azaltmağı tövsiyə etməyəcək

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Monitorinq Komitəsinin ötən gün keçirilmiş iclasının nəticələrinə görə, ittifaq ölkələrinə iyul ayından sonra neft hasilatında maksimal azalma səviyyəsini saxlamağı tövsiyə etməyəcək.

Fins.az-ın məlumatına görə, bu barədə TASS iclasın qərar layihəsinə istinadən xəbər verir.

Məlumata əsasən, sənəddə diqqət hasilatın azaldılması planına riayət etməyin vacibliyinə yönəldilib.

"Razılaşmanın bütün iştirakçıları tərəfindən plana (gündəlik qlobal hasilatın 9,7 mln. barel azaldılması planına – red.) 100% uyğunlaşma yalnız ədalətli və təbii deyil, eyni zamanda neft bazarında tarazlıq və sabitliyin bərpası səyləri üçün vacibdir", - sənəddə deyilir.

Qeyd edək ki, may ayında neft hasilatını gündəlik 9,7 mln. barel azaldılması barəsində razılaşmaya qatılan “OPEC+” ölkələri kvotanı 87%  təmin ediblər. OPEC-in 10 ölkəsi razılaşmanı 84%, qeyri-OPEC ölkələrini isə 92% yerinə yetiriblər.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək  uzadılması barədə qərar qəbul olunub.

İclasda əldə edilən razılığa əsasən, iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barel azaldacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 mln. barel  həcmində ixtisar edəcəklər. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barel səviyyəsində saxlamalıdır.