SƏNAYE

10 İyun

Trans Adriatic Pipeline AG” TAP-ın Adriatik dənizinin dibi ilə keçən hissəsinin tikintisini tamamlayıb

Trans-Adriatik Boru Kəmərinin tikintisi üzrə konsorsium (Trans Adriatic Pipeline, TAP AG) TAP-ın Adriatik dənizinin dibi ilə keçən hissəsinin tikintisini tamamlayıb.

“TAP AG boru kəmərinin Adriatik dənizinin dibi ilə 105 km uzunluğundakı hissəsini tamamlayıb. Bunun üçün diametri 36 düym olan, ümumilikdə 100 min ton ağırlığında təxminən 9 min borudan istifadə olunub. Adriatik dənizinin dibində düzülən boruların 25 km-i İtaliya ərazi sularında, 43 km-i beynəlxalq sularda, 37 km-i isə Albaniya ərazi sularında yerləşir”, - deyə konsorsiumun məlumatında bildirilir.

Boru kəmərinin ən dərin hissəsi dəniz səviyyəsindən təxminən 810 metr aşağıda yerləşir.

Boru kəmərinin Albaniyadan İtaliya sahillərinə çəkilməsi işlərinə bu il yanvarın ortasından başlanılıb. Borular “Castoro Sei” gəmisinin göyərtəsində qaynaqlanıb və sınaqdan keçirilib, sonra isə Adriatik dənizinin dibi boyunca davamlı olaraq düzülüb.

“Boru kəmərinin dəniz hissəsinin yekunlaşması layihənin tamamlanmasına doğru daha bir addımdır. Əməliyyata başladıqda TAP dekarbonlaşmanı, enerji təhlükəsizliyini və şaxələndirməni dəstəkləyərək yeni mənbədən Avropaya qaz nəql edəcək", - deyə TAP-ın icraçı direktoru Luka Şipati (Luca Schieppati) bildirib.

“TAP layihəsinin 95%-dən çox hissəsi yekunlaşıb və ilin sonunadək tam başa çatmasını gözləyirik”, - deyə TAP-ın layihə direktoru Con Haynes qeyd edib.

TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək.

TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan qazının TAP ilə Avropaya nəqli 2020-ci ilin sonuna planlaşdırılır.

Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.

Layihənin dəyəri 4,5 milyard avrodur.

TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib