SƏNAYE

10 İyun

ABŞ neftçiləri hasilata başladıqca qiymətlər aşağı düşür

ABŞ-ın Meksika Körfəzi bölgəsindəki neft şirkətlərinin Cristobal tropik fırtınasından sonra istehsala başlaması fonunda neftin qiyməti ucuzlaşır.

Fırtına səbəbindən bölgədəki şirkətlər ötən bir həftə ərzində neft quyularının təxminən 35 faizini bağlamalı oldublar.

“OPEC+” üzrə istehsal məhdudiyyətlərinin müddətinin iyul ayının sonuna qədər uzadılmasına baxmayaraq, ABŞ-da hasilatın artması və Səudiyyə Ərəbistanının iyunun sonunda könüllü tətbiq etdiyi hasilat ixtisarlarını dayandıracağını elan etməsindən sonra birjalarda “qara qızıl”ın qiyməti aşağı istiqamətli dəyişməyə başlayıb.

Hazırda “Brent” markalı xam neftinin bir barreli Londonun ICE birjasında 40,32 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 37,79 dollara satılır.

Qeyd edək ki, “Brent” neftinin qiyməti “OPEC+”un qərarı fonunda həftəyə 43 dollar/barreldən başlamışdı.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən həftə videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha bir ay - iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub. May-iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu iyul, avqust və sentyabr aylarındakı hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb.